“Aktyorluq mənim üçün şərəfli bir işdir”

 

Xalq artisti İlham Əsgərov: “Mən bədii qiraəti söylədiyim zaman ilk öncə şeirdə şairin hisslərini, daha sonra öz hisslərimi dinləyiciyə çatdırmağa çalışıram”

Müsahibim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, görkəmli qiraət ustası İlham Əsgərovdur. Müsahibəni oxuculara təqdim edirik:

-İlham müəllim, Siz Azərbaycan incəsənətinə töhfələrinizi necə qiymətləndirirsiniz?

- Sənətə gəldiyim ilk gündən vəzifəm müxtəlif obrazları yaratmaq olub. İstər faciə, istərsə də komediya janrındakı əsərlərdə rol almışam. Bu gün də səhnədəyəm və səhnə fəaliyyətimi davam etdirirəm. Müxtəlif dövlət tədbirlərində, ayrı-ayrı konsertlərdə öz sözümüzü deyirik. Bu gün də rejissorların bizə verdiyi rolların öhdəsindən gəlməyə çalışırıq.

- Aktyorluq, İlham Əsgərovun həyatında hansı dönüş nöqtəsini yaratdı?

- Aktyorluq sənəti uzaqdan hər kəsə asan görünür. Əslində isə aktyor sənəti böyük bir cəbhədir, böyük bir yaradıcılıq işidir. Aktyorluq sənəti gecə-gündüz məşqlər tələb edir. Teatr səhnəsi, tamaşa salonunda tamaşaçı alqışları-bunların hamısı böyük məsuliyyətdir. Bu yolda əməyimiz də yəqin ki, göz qabağındadır. Aktyorluq mənim üçün şərəfli bir işdir.

- Bu yaxınlarda Həsən Həsənovun “Qürbətdən gələn məktublar” adlı tamaşasında Mirzə Fətəli Axundzadənin obrazını canlandırdınız. Mən tamaşanı izlədiyim zaman, sanki səhnədə İlham Əsgərovu deyil, həqiqətən Mirzə Fətəli Axundzadəni gördüm. Rolunuzu ifa etdiyiniz zaman Mirzə Fətəli Axundzadənin yaşadığı hissləri siz də hiss etdinizmi?

- Əlbəttə. O, böyük mütəfəkkirdir. Əsərləri bu günə qədər yaşayır və hər zaman öz sözünü deyir. Mən də çalışmışam ki, rolum təbii olsun. Tamaşaçıya səhnə qarşısından həqiqətləri çatdırım. Əsərdə bir az qabardılsa da, amma yenə də hiss olunur ki, o, filosofdur. Mən bu hissləri yaşamışam və çalışacağam ki, bunu davam etdirim.

-Rolları ifa etdiyiniz zaman indiki dövrün vacib xüsusiyyətini gənclərə çatdıra bilmisinizmi?

- Çatdırmağa çalışıram. Ümumiyyətlə, səhnə yalanı sevmir. Gənclərə məsləhətim budur ki, yüngüllüyə çox getməsinlər. Yalnız təbii yaşantı olanda əsərin və oynadığın obrazın mahiyyəti düzgün çatır. Mən də o keyfiyyətlərə riayət etməyə çalışıram.

- İndiki dövrdə teatra tamaşaçıları cəlb etmək üçün əsərlərə hansı xüsusiyyətlər lazımdır?

- Klassik əsərlərə diqqət yetirsək, bu günə kimi hər zaman öz sözünü deyib. Bu günün gözü ilə yanaşanda isə müəyyən keyfiyyətlər var ki, bugünkü dövr üçün əsas prioritet xüsusiyyətlər daşıyır. Lakin tamaşa zamanı musiqi işində, rəssamlıq işində, rejissorun quruluşunda dəyişikliklər mütləq olur. Ancaq əsəri olduğu kimi tamaşaçıya çatdırmağın özü bir müasirlikdir. Bəzi rejissorlarımız əsərə yanaşanda, quruluş verəndə, abstrakt fikirlərə müraciət edirlər. Bu da tamaşaya qarşı tamaşaçıda maraq doğurmur. Amma elə rejissorlarımız da var ki, tamaşalarını izləyən zaman bu günün gözü ilə baxıb, bu günü anlamağa çalışırsan. Klassik əsərlərə müasir rejissorun gözü ilə baxanda o əsər həmişə öz təravətini saxlayır. Mən düşünürəm ki, bu gün klassik əsərlərin deyəcəyi söz çoxdur. Bu, mənim subyektiv fikrimdir.

- Bugünkü gəncliyimizə hansı tələbləriniz var?

- Çalışırıq, bu gün gənc aktyorlar elə yetişsinlər ki, bayağı işlərə üz tutmasınlar. Çünki bu gün cəmiyyətdə bayağılıq problem halına alıb və bizdə böyük olaraq gəncliyimizi bu mühitdən uzaqlaşdırmağa çalışırıq. Teatrda da aktyor həyatı belədir. Əgər aktyor da rolunda bayağılığa üstünlük versə, bu, əlbəttə ki, xoşagələn hal deyil və şübhəsiz ki, tamaşa tamaşaçı üçün də maraq doğurmaz.

 

 

“Mən düşünürəm ki, bu gün klassik əsərlərin deyəcəyi söz çoxdur. Bu, mənim subyektiv fikrimdir”

Çünki sənət ciddiliyi sevir. İstər komediyada, istər faciədə aktyor gərək ciddi olsun. Bizdə özümüzdən böyüklərə, ustadlarımıza baxmışıq və onlardan sənətə hörməti, sənətə qayğını öyrənmişik. Gördükləri işlərdə hikmət görmüşük, hikmət sahibləri olublar. Rollarında, tamaşaya qoyulan əsərlərdə bir hikmət var idi. Mən düşünürəm ki, hər bir obrazın, hər bir tamaşanın cəmiyyət üçün, gənclik üçün tərbiyəvi əhəmiyyəti olmalıdır. Əgər mən rol aldığım tamaşalarda tərbiyəvi əhəmiyyət yoxdursa, mənim o tamaşanı oynamağımın nə mənası var? Çünki ifa etdiyim rolların hamısı canımızdan, qanımızdan keçir. Ona görə də biz sənətimizə layiqli yanaşmalıyıq.

- İlham müəllim, siz səhnəmizdə, poeziya dünyamızda ən gözəl bədii qiraət söyləyənlərdən birisiniz. Səsinizin ahəngliyi dinləyicinin ruhunu sanki ifa etdiyiniz qiraətin dünyasına aparır. Bəs siz necə, dinləyicilərə ifanızda şairin düşüncələrini, yoxsa şeirin duyğularını çatdırmaq istəyirsiniz?

- Ümumiyyətlə sənətə gələndə poeziya ilə imtahan vermişik. Aktyorun sənətindən başqa poeziyaya meyil etməyi də müsbət bir haldır. Bəzi aktyorlar var ki, söyləyirlər ki, mən şer deyərək rolumu ifa edə bilmirəm. Amma aktyor sənətinə necə yanaşıbsa, poeziyaya da elə yanaşsa, bəlkə daha müsbət nəticə göstərər. Şeirə nəzər salsaq, şairin dediyi fikirlər şeirdə tam başqa fikirlərlə ifadə olunur. Amma aktyor şeiri söyləyən zaman çalışır ki, şeirin ruhunu dinləyiciyə çatdıra bilsin. Elə insan var ki, sənəti tam başqa istiqamətdədir. Amma görürsən ki, onun danışığında poeziya var. O ruhu mütləq poeziyaya gətirmək lazımdır.

Aktyorun poeziyadakı ruhunu vaxtı ilə biz öz ustadlarımızdan öyrənmişdik. Bədii qiraətin təbiiliyinin sirlərini öyrənmişik. Bu gün isə tələbələrimizə, gənc aktyorlara öyrətməyə çalışırıq. Bu günün müasirliyinin tələbi odur ki, şeiri söyləyən zaman sanki dinləyici ilə söhbət edirsən. Lakin poeziyanın ruhunu saxlamaq şərtilə. Şeirdə olan fikirləri, mənəvi sözləri tamam təsiredici ifadə ilə dinləyiciyə çatdırmaq lazımdır. Burada bizim əsas rolumuz ondan ibarətdir ki, tamaşaçı bizə qulaq asıb bir an belə düşünsün. Yoxsa tələsik qiraət söyləmək, sözləri qova-qova ifadə etmək bu artıq dinləyicinin fikrini yayındırır. Mən bədii qiraəti söylədiyim zaman ilk öncə şeirdə şairin hisslərini, daha sonra öz hisslərimi dinləyiciyə çatdırmağa çalışıram. Bəzən ola bilər ki, şair biz qiraəti söylədikdən sonra deyə bilər ki, “nə gözəl şeir söylədin, mən heç öz şeirimi tanımadım”. Bəzən də şairin deyilən şeiri xoşuna gəlməyə bilər. Amma aktyor çalışmalıdır ki, şair hər zaman söylənilən şeirinin vəsfindən yenidən ilham alsın.

-Vaxtı ilə dahi şairimiz Səməd Vurğunun “Aygün” poeması film şəklində hazırlanmışdı. Mükəmməl ekran əsəri yaranmışdı. Bəs bu günün imkanları çərçivəsində görkəmli şairlərimizin poemaları ekranlaşdırılsa, gənc aktyor heyətinin, gənc kadrların potensialı yüksəkdirmi?

- Əlbəttə, çox gözəl ekran əsəridir. Orada müəyyən sözlər var idi ki, adi söz kimi ifadə olunmuşdu. Bu gün isə aktyor qüvvəsi var. Amma onu çəkmək üçün rejissor işi, operator işi lazımdır. Poemanı ekranlaşdıran rejissor kadrları yoxdur. Bəlkə rejissor kadrları poeziyaya müraciət edəndə çətinlik çəkirlər. Bəlkə də bu işə bu üzdən yaxınlaşmırlar. Amma belə ekran əsərini hazırlamaq üçün hünər lazımdır. Elə rejissor lazımdır ki, poemanı ekranlaşdıran zaman layiqincə çəkə bilsin. Teatr səhnəsində də tamaşaya qoyulsa, bu daha gözəl olar. O zaman dilin nitq inkişafı səlis olar. Poeziya dili ilə əsərlər oynayanda bizim dilimiz daha gözəl nitq halında işlənir. Burada hər adamın müraciəti də düzgün deyil. Burada sənətkar gözü lazımdır. Aktyor ifadəsi lazımdır. Poeziyanı sevən, poeziya ilə məşğul olan aktyorları bu işə cəlb etsələr, əlbəttə, gözəl olar. Mən bunu gözləyirəm.

- Bir ziyalı kimi cəmiyyətdə hansı qüsurları görürsünüz?

- Mən düşünürəm ki, qüsur hər dövrdə olub. Hansısa dövrün qüsuruna baxanda bu gün bizə qüsur şəklində görünmür. Bu gün elə qüsurlarımız da var ki, gələcəkdə bizə qüsur kimi görünməyəcək. Çünki hər dövrün öz tələbi var. Bu gün biz tələb edirik ki, gənclər görüb-götürməyi bacarsınlar. Yaxşını görüb-götürsünlər. İnsanlarda belə bir keyfiyyət var ki, pisliyi tez götürür. Ora meyil daha çoxdur. Amma insanda hünər olmalıdır ki, dərin düşünüb, insani keyfiyyətlərə, daha dəyərli keyfiyyətlərə yiyələnsin. Bu, mənim üçün əsas cəmiyyətin nümunəsidir. Müasirliyin də bir çox tələbləri var. Elə yol getmək lazımdır ki, əlimiz ayağımıza dolaşmasın.

- İlham Əsgərovun sənətindəki töhfələri həyatında hansı önəmi daşıdı?

- Düzü deyim, mən bu gün hələ də öyrənirəm. Mənim üçün ən əsas tamaşaçı qiyməti vacibdir. Bu mənim subyektiv fikrimdir ki, müəyyən bir zirvəyə çatanda, müəyyən bir dərəcəyə çatanda, təvazökarlıqdan uzaq olsa da, hər zaman demişəm ki, mən aktyor olmayan yerdə bəlkə də aktyoram. Universitetə dərs deməyə çağrılan zaman mən demişdim ki, dünən parta arxasından durmuşam. Mən tələbəyə nə öyrədə bilərəm? Mən hələ də öyrənirəm. Hansı rollar olacaq, hansı rollarda çıxış edəcəyəm bunların hamısı qabaqdadır. Hz. Məhəmməd Peyğəmbərimiz deyib: “Beşikdən qəbr evinə qədər oxuyun.”

 

Xəyalə GÜNƏŞ

 

Palitra.-2013.-19 iyun.-S.13.